Freelancer iş görüb pul qazanmaq

Pulumu necə alım? 🥺🥶

Son zamanlar frilanserlərin zəhmət haqqını ala bilmədikləri ilə bağlı paylaşımların çoxaldığını görürəm. Öz təcrübəmdən bəzi məqamları bölüşürəm. Bu məsləhətlərə əməl etsəniz, hətta müqavilə olmadan da pulunuzu almaq şansınız xeyli artar:

  1. Hər kəslə iş görmə
    İş təklifini alan kimi sevinib işə başlama, ayıq başla düşün: şirkəti və ya şəxsi araşdır
  2. İşverəni yoxlay
    VOEN seriyasını al və vergi saytında borclarına bax – narahat olma, bu yoxlama qanunsuz deyil, dövriyyəsindən dəfələrlə artıq külli miqdarda borcu olan şirkət sənin də pulunu ödəməkdə o qədər maraqlı olmaya bilər
  3. Rəsmi əlaqə nömrəsi tələb et
    Sadəcə WhatsApp yazışması ilə kifayətlənmə — zəng et, nömrənin aktivliyini yoxla. Mümkünsə şəhər kodu ilə başlayan (məsələn, 012) iş nömrəsi istə
  4. Ünvanı tanı
    Ofislərinin harada olduğunu bil, görüş təyin et, şəxsən getmək üçün hazır ol
  5. Vasitəçilərə diqqət et
    Əgər sənlə birbaşa sifarişçi yox, vasitəçi danışırsa, işin detalları ilə bağlı elə suallar ver ki, vasitəçi məcbur qalıb səni işin əsl sahibi ilə tanış etsin
  6. İşi görərkən hər mərhələni tamamlayanda gördüyün iş üçün hissə-hissə ödəniş tələb et
    Tələb etdikləri işi mərhələli şəkildə təhvil ver, hər mərhələdə az miqdar da olsa ödəniş istə əgər gecikirsə, dərhal işi dayandır
  7. Yazışmaları rəsmi et
    Səsli mesaj və WhatsApp yazışmaları sübut sayılsa da, mail yazmaq daha rəsmi görünür. Amma unutma: müqavilə yoxdursa, bu da çox ciddi deyil — işini görməklə yanaşı bazarda nüfuz sahibi ol ki, səni aldatmağa risk etməsinlər.
  8. Daxili müqavilə hazırla
    Əgər iş rəsmi deyilsə, xidməti müqavilə bağlanmayacaqsa 2 nüsxədən ibarət öz daxili müqaviləni hazırla, biri səndə digəri qarşı tərəfdə qalsın. Onların səndən nə tələb etdiklərini açıq qeyd et və eləcə də sən gördüyün işin qarşılığında nə alacağını bildir. Hətta işi mərhələli şəkildə görəcəyini və hər mərhələ sonunda ödəniş alacağını göstər. Sonra ödəniş tələb edəndə sənin haqqında mənfi rəy formalaşmasın. Mərhələli iş görən zaman təhvil verdiyin işin 70%-indən çox pul tələb etmə ki, işverən sənin işi yarımçıq görüb aradan çıxacağını düşünməsin.
  9. Dürüst ol
    Şirkəti araşdırdığını, VÖEN seriyasını nə üçün tələb etdiyini, niyə daxili müqavilə imzalamaqda meyilli olduğunu və sənə şübhəli görünən bütün əsas məqamları iş görəcəyin şəxslə açıq-aşkar bölüş. Bu həm də sənin peşəkar olduğunu göstərəcək. Düzdür, ilk başda sifarişlərin azalacaq amma bundan sonra sənə ən ciddi sifarişçilər müraciət edəcək. Sakit həyat tərzi problemli qazanc əldə etməkdən daha üstündür.

Faydalı oldusa bölüş! 🫶

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: