Əgər mən ekoloq olsam, amma ixtisasım üzrə iş tapa bilməsəm nə edərdim?
Mən 4 il oxuyub “diplom aldım” deməzdim. Onun əvəzində “4 il oxuyub ekologiya yolu çəkdim” deyərdim.
Deyim sizə, mən gözləməzdim. İş elanları azdır deyə, oturub şikayət eləmək mənlik deyil. Mən öz yolumu qurardım.
İlk addımda bir səhifə açardım. Qrup yoldaşlarımı da dəvət edərdim, hərəmiz bir tərəfdən dəstək verərdik: kimsə foto çəkərdi, kimsə məqalə yazardı, kimsə tədbirlər üçün ideyalar verərdi. Orada ekoloji mövzularda paylaşımlar edərdik – təbiəti qorumaq, tullantıların ayrılması, kiçik ipucları.
Yaz gələndə ağacəkmə aksiyaları edərdim. Yayda ekoturizm yürüşləri təşkil edərdim – həm təbiəti tanıyar, həm də maraqlı şəbəkə qazanardıq. Payızda məktəblərə gedib şagirdlərlə maarifləndirici görüşlər keçirərdim. Qışda isə oturub kontent hazırlayardım, ilin hesabatını çıxarardım.
Əvvəlki illərin məzunlarını da cəlb edərdim. “Gəlin, bir yerdə olaq, hər kəs öz bacarığını ortaya qoya bilsin” deyərdim. Bir müddət sonra o səhifə böyüyər, bir cəmiyyətə çevrilərdi.
Hətta balaca bizneslərlə əməkdaşlıq edərdim: onların məhsullarını tanıdar, mən də faydalanardım. Ekoloji çantalar, təkrar emal layihələri, eko-dizayn – bu biliklərimi praktik sahəyə çevirmək mənim əlimdədir.
Mən belə edərdim. Çünki bilirəm – imkanların az olması şanslarımı sıfırlamır. Sadəcə istiqaməti dəyişmək kifayətdir. Əvvəl-axır etdiyim işlər kiminsə diqqətini çəkər, mənə əməkdaşlıq və ya iş təklifi gələrdi. Çünki artıq CV-də yazacağım və paylaşacağım real hekayəm olardı.
Üstəlik, biz büdcə ayırıb şəhər ətrafındakı düşərgə ərazilərinə gedərdik, orada günəş və külək enerjisi mövzularında araşdırmalar aparardıq. Mən bütün ekoloqları öz ardımca aparardım.
👉 Bu tip yazılar sənə maraqlı gəlirsə, rəy bildir, ixtisasını yaz, sənin üçün də lifehack paylaşım!
