Müsahibə otağı bir növ diplomatiya meydanıdır. HR mütəxəssisi müəyyən bir sual verir, namizəd isə o sualın arxasındakı mənanı bəzən tamamilə fərqli yozur. Bu ünsiyyət qəzaları çox vaxt potensialı yüksək olan namizədlərin “ələnmi” ilə nəticələnir.
Gəlin, işə qəbul prosesində ən çox rast gəlinən o məşhur ifadələrin pərdəarxasına baxaq və bu sualların əslində hansı kompetensiyaları ölçdüyünü analiz edək.
1. “Biz çox dinamik bir mühitdə çalışırıq”
Bu ifadə vakansiya elanlarında və müsahibələrdə ən çox istifadə olunan “açar sözlərdən” biridir.
- Namizəd nə anlayır: “Bura çox maraqlı yerdir, hər gün yeni bir hadisə olur, heç vaxt darıxmayacağam.”
- HR əslində nə demək istəyir: “İş yükümüz çoxdur, prioritetlər hər an dəyişə bilər, stressə davamlı olmalı və xaotik vəziyyətlərdə qərar verməyi bacarmalısan.”
2. “Özünüzü 5 il sonra harada görürsünüz?”
Klassik, bəzən bezdirici görünsə də, HR üçün bu sualın cavabı namizədin “Retension” (şirkətdə qalma) ehtimalını göstərir.
- Namizəd nə anlayır: “Məndən böyük xəyallar qurmağımı gözləyirlər, yəqin direktor olacağımı deməliyəm.”
- HR əslində nə demək istəyir: “Sənin karyera hədəflərin bizim şirkətin imkanları ilə üst-üstə düşürmü? Yoxsa biz səni öyrədəcəyik, sən isə 6 ay sonra ‘mən inkişaf etmirəm’ deyib gedəcəksən?”
3. “Biz bir ailə kimiyik”
Bu cümlə ilk baxışda çox xoş səslənir, amma peşəkar iş mühitində bu, bəzən “qırmızı bayraq” ola bilər.
- Namizəd nə anlayır: “Burada hamı bir-birinə kömək edir, çox səmimi və isti bir atmosfer var.”
- HR əslində nə demək istəyir: “İş və şəxsi həyat sərhədləri bir az qarışıqdır. Bizdə iş saatı anlayışı bəzən itə bilər və biz səndən ‘ailə fədakarlığı’ gözləyirik.”
4. “Sizinlə mütləq əlaqə saxlayacağıq”
Müsahibənin sonunda deyilən bu cümlə namizədlər üçün ən böyük ümid və ya məyusluq mənbəyidir.
- Namizəd nə anlayır: “Müsahibə yaxşı keçdi, yəqin ki, sabah zəng edəcəklər.”
- HR əslində nə demək istəyir: “Proses hələ davam edir. Əgər daha yaxşı bir namizəd tapmasaq və ya daxili qərarımız dəyişməsə, sizə dönüş edəcəyik.” (Və ya bəzən sadəcə nəzakətli bir sağollaşma formasıdır).
5. “Güclü və zəif tərəfləriniz hansılardır?”
Bu sual namizədin “Self-awareness” (özünüdərk) səviyyəsini ölçmək üçündür.
- Namizəd nə anlayır: “Zəif tərəfimi elə deməliyəm ki, əslində güclü tərəf kimi görünsün. Məsələn, ‘çox mükəmməliyyətçiyəm’ deyim.”
- HR əslində nə demək istəyir: “İnsan öz səhvlərini və çatışmazlıqlarını bilirmi? Bu çatışmazlıqları düzəltmək üçün nə edir? Bizə robot yox, inkişafa açıq insan lazımdır.”
HR və Namizəd Arasındakı Balans Necə Qurulmalıdır?
İşə qəbul prosesində uğur qazanmağın yolu şəffaflıqdan keçir. HR mütəxəssisləri sualları daha aydın və reallığa uyğun verməli, namizədlər isə “ideal obraz” yaratmaq əvəzinə səmimi və peşəkar cavablar hazırlamalıdırlar. Unutmayın ki, yanlış qurulan ünsiyyət həm namizədin karyerasını, həm də şirkətin kadr resurslarını boşa xərcləyir.
Bəs sizin müsahibələrdə eşitdiyiniz və mənası sizə qaranlıq qalan hansı ifadələr olub? Gəlin rəylərdə o “gizli kodları” birlikdə açaq!
